Nəsimi rayonunda iki küçənin təmirinə başlandı
“Azəravtoyol" ASC tərəfindən Nəsimi rayonunda iki küçədə təmir-bərpa işlərinə başlanılıb.
APA TV-nin xəbərinə görə, təmir işlərinin aparıldığı küçələr Hüseynbala Əliyev küçəsi, həmçinin Süleyman Rüstəm küçəsinin Koveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsidir.
Hüseynbala Əliyev küçəsinin uzunluğu 650 metr, eni isə 14 metrdir. Burda təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənəcək, mövcud səkilər bərpa olunaraq asfaltlanacaq.
Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənəcək.
Təmir-bərpa işlərinin aparıldığı Süleyman Rüstəm küçəsinin Koveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsinin uzunluğu 950 metr, eni isə 9 metrdir. Analoji işlər bu küçədə də həyata keçirilir.
Aparılan işlər zamanı mövcud yeraltı komnunikasiya xətləri yenilənir, ehtiyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəzlənir, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınır.
Hər iki küçədə işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar küçələrdə hərəkət hissə-hissə məhdudlaşdırılır.