Erməni ictimai xadim: "Apreldə əlimizdən çıxan əraziləri çoxdan, itki vermədən qaytarmalı idik"
"Əgər Ermənistan prezidenti itirilmiş 800 hektar ərazini əhəmiyyətsiz sayırdısa, o, həmin əraziləri çoxdan, özü də hər hansı insan itkisi olmadan verməli idi". APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Ermənistanın "Milli Müqəddəratın Müəyyənləşdirilməsi Birliyi" qeyri-hökumət təşkilatının sədri Paruyr Ayrikyan səsləndirib.
O deyib ki, indi əsas məsələ ərazilərin qaytarılması deyil, xalqın niyə aldadılmasındadır. "Biz sülhün bərqərar edilməsi yolunda irəliləyiriksə, prezident Serj Sarkisyan yalnız qoşunların 1994-cü ildəki mövqelərinə qayıtmasından sonra danışıqlara razı olmalı idi. Məsələni başqa istiqamətə yönəltmək isə indiki halda xalqa danışdığı yalanlara və bacarıqsızlığına bəraət qazandırmaqdan başqa bir şey deyil", - deyə Ayrikyan əlavə edib.
Qeyd edək ki, Vyana danışıqlarından qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Serj Sarkisyan dörd günlük müharibə zamanı Ermənistan ordusunun mövqe itirməsi məsələsinə toxunaraq, hazırda xəritə üzərində itirilən ərazilərin müəyyənləşdirildiyi barəsində açıqlama verib.