Türkiyəli deputatlar səsəvermə prosesini dəyərləndirdilər
Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün ölkəmizə səfər edən Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti mətbuat konfransı keçirib. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib ki, prezident seçkilərini Türkiyədən olan 35 nəfərlik nümayəndə heyəti izləyib.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nejdet Ünüvar bildirib ki, seçkilər zamanı Türkiyədən gələn nümayəndələr Qəbələ, Sumqayıt, Quba və paytaxt Bakıda müşahidələr aparıb. Bu seçimin Azərbaycan üçün son dərəcədə önəmli olduğunu deyən Ünüvar qeyd edib ki, Azərbaycan iqtisadi siyasəti, inkişafı ilə yanaşı, seçkilər prosesində də mühüm yeniliklərə imza atıb.
Millət vəkili Sinan Oğan da Azərbaycanda aparılan müşahidələr zamanı seçkilərdə heç bir nöqsanın aşkarlanmadığını deyib: “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və prosesin izlənilməsi şəffaflıq baxımından önəmlidir. Beynəlxalq müşahidəçilər tərəfindən də seçkilərin izlənilməsi şəffaflığın, demokratikliyin bariz göstəricisidir”.
Tədbirin davamında Türkiyədən olan millət vəkilləri yaxın 5 ildə Azərbaycanla Türkiyənin yeni layihələr həyata keçirəcəyinə, hər iki ölkə vacib olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılacağına inandıqlarını bildiriblər.