Bakıda iki maşın toqquşaraq yandı
Bakıda iki maşın toqquşaraq yanıb. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonunda, Dövlət Bayraq Meydanı yaxınlığında qeyd alınıb.
Qəza zamanı "Ford" və "Mazda" markalı minik avtomobilləri toqquşub. Toqquşmanın təsirindən hər iki avtomobilin mühərrik hissələri yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri gəliblər. Yanğına dərhal müdaxilə edilərək söndürülüb.
Daha sonra "Ford" markalı avtomobilin sürücüsü, avtomobildə olan 1 nəfər və "Mazda" markalı avtomobilin sürücüsü avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.