Fransalı senator: "Öz ölkəmdə bu qədər müşahidəçi görməmişəm"

Fransa Senatının üzvü Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib. APA TV-nin xəbərinə görə, nümayəndə heyətində Fransa Senatının 5 üzvü təmsil olunur. Heyət seçkiləri Quba rayonunda müşahidə edib: “Biz iki qrup halında seçkiləri müşahidə etdik. Baxış keçirdiyimiz yerlərdə qeyri-adi və neqativ hallarla rastlaşmadıq”.

 

2003-cü ildə Azərbaycanda keçirilmiş seçkiləri müşahidə etdiyini deyən Natali Qule ölkəmizi yaxşı tanıdığını deyib: “Mən 10 il ərzində Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı inkişafı müşahidə edirəm. Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləyirlər. Amma biz müşahidələrimiz zamanı belə faktlarla rastlaşmadıq”.

 

Senator Mohamed-Soilihi isə bildirib ki, seçkilər qanuna və normalara uyğun keçirilib: “Mən bu seçkilərlə ölkəmdə keçirilən seçkilər arasında heç bir fərq görmədim. Bir fərq istisna olunmaqla. Öz ölkəmdə bu qədər müşahidəçi görməmişəm”.

 

Senat üzvü Jan-Kloud Peroni isə qeyd edib ki, seçki məntəqələrindəki şərait, şəffaf qutular seçki prosesinin yaxşılaşdığını deməyə əsas verir.

Müəllif | Apa.Tv
Apa.tv