Bakıda məktəbdə baş verən yanğın söndürüldü

Bu gün saat 09.10 radələrində Xətai rayonu, Qaçaq Nəbi küçəsi 13 ünvanında yerləşən 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri və təcili yardım briqadaları cəlb olunub.

 

Məktəbin müəllim və şagird kollektivi zamanında təxliyə edildiyindən, hadisə zamanı xəsarət alan olmayıb. Bununla belə, məktəbin birinci mərtəbəsindəki dəhliz hissəsi və bir neçə otaq yanıb. Yanğın baş verən korpusun pəncərə şüşələri də sınıb.

 

Yanğının səbəblərinə gəlincə, ilkin versiya olaraq qısaqapanma göstərilsə də, dəqiq nəticəyə araşdırmalardan sonra gəlmək mümkün olacaq.

 

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gələrək, müvafiq göstərişlərini verib. Rayon rəhbəri jurnalistlərin suallarını da cavablandırıb: "Çox şükürlər olsun ki, burada heç bir hadisə baş verməyib, yəni şagirdlərdən xəsarət alan olmayıb. Aydınlıq gətiriləndən sonra biləcəyik bu, qısaqapanmadan olub, ya nədən yaranıb".

 

Qeyd edək ki, yanğınla əlaqədar hazırda məktəbdə dərslər dayandırılıb, şagirdlər evlərinə göndərilib.

 

Hazırda hadisənin dəqiq səbəbləri və vurduğu ziyanın həcmi araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv