Əfqanıstanda təyyarə qəzasında ölən 3 nəfərin cəsədi ailələrinə təhvil verildi

Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən 3 azərbaycanlı heyət üzvünün cəsədi dünən səhər saatlarında ailələrinə təhvil verilib.

 

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib.

 

O qeyd edib ki, ailələrinə təhvil verilən 3 nəfərin cəsədi yaxınları tərəfindən tanınıb: “Yerdə qalan 4 nəfərin (1 özbək, 1 ukraynalı, 2 azərbaycanlı) cəsədi birlikdədir. Ukrayna vətəndaşının yaxınları meyitlərə baxmayıblar. Yerdə qalanların yaxınları baxış keçiriblər. Lakin hələlik cəsədləri tanımaq mümkün olmayıb. Yaxınlarından qan nümunələri götürülüb və ötən həftənin şənbə günündən genetik ekspertiza aparılır. Meyitlərin hamısı tanınmaz halda olub. Sadəcə, yaxınları cəsədləri təhvil verilən 3 nəfərin meyitini müəyyən əlamətlərinə görə tanıyıb”.

 

Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Müəllif | Apa.Tv
Apa.tv