Qobuda kondisioner oğruları tutuldu
Abşeron RPİ-nin əməkdaşları kondisioner oğrularını yaxalayıb. APA TV-nin məlumatına görə, keçirilən əməliyyat zamanı dəstənin 3 üzvü həbs edilib.
Onlar Qobu qəsəbəsində mağazalardan kondisionerin motor hissəsini oğurlamaqda təqsirli bilinirlər. Dəstə üzvlərindən biri oğurluq zamanı öz şəxsi avtomobilindən istifadə edib. Digər iki nəfər - Sumqayıt şəhər sakinləri Ramin Yusif oğlu Şirinov və əvvəllər məhkum olunmuş Ruzigar Ramiz oğlu Quliyev isə əsasən avadanlıqları açıb oğurlamaqla məşğul olublar.
Dəstəyə Ramin Şirinov rəhbərlik edib: "3 nəfər gəlmişik Qobu kəndinə, bilmədən hadisə eləmişik. Lənət olsun şeytana. Özüm işləyirəm. Sadəcə, borc vardı, onu bağlamaq lazım idi".
Saxlanılan şəxsin sözünə görə, kondisionerlərin motor hissəsi ertəsi gün satılıb və borcunun bir hissəsini qaytarıb. Faktla bağlı araşdırma aparılır.