Tacikistanda referendum: Emoməli Rəhmon ömürlük prezident oldu
Tacikistanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı referendum keçirilib. APA TV-nin xəbərinə görə, dəyişikliyin lehinə 94,5 faiz, yəni 3 milyon 814 min seçici səs verib.
Referendumda ümumilikdə 4 milyon 402 min seçici iştirak edib. Yeni düzəlişə görə, Tacikistan prezidenti Emoməli Rəhmon istənilən qədər prezident seçilə bilər.
Eyni zamanda prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endirilib. Əsas qanuna edilən əlavəyə əsasən Konstitusiya Şurası ləğv olunub, dini xarakterli partiyanın yaradılması qadağan edilib.
Tacikistan Konstitusiyası 1994-cü il noyabrın 6-da ümumxalq səsverməsi yolu ilə qəbul edilib. 1999-cu və 2003-cü illərdə Konstitusiyaya düzəliş və əlavələr olunub.
Xatırladaq ki, Tacikistan prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.