Zaqatalada 47 yaşlı qadında “quduzluq xəstəliyi” aşkarlandı

Zaqatalada 47 yaşlı qadında “quduzluq xəstəliyi” aşkar edilib.

 

APA TV-nin məlumatına görə, mayın 22-də günün ikinci yarısında rayonun Faldarlı kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova pnevmoniya xəstəliyinə xas şikayətlərlə yanaşı, hidrofobiya, aerofobiya, narahatlıq əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə daxil olub.

 

Xəstəni “Quduzluq xəstəliyinə şübhəli” diaqnozu ilə ətraflı müayinə və müalicə etmək üçün Mingəçevir Regional Taun Əleyhinə Şöbənin ixtisaslaşmış həkimi dəvət edilib. Müayinə zamanı 47 yaşlı qadının quduzluq xəstəliyinə tutulması aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, Pəri Turacovanı aprel ayının əvvəlində yaşadığı kəndin ərazisində naməlum it sağ əlinin ikinci barmağından dişləyib. İt dişləməsindən sonra Pəri Turacova hadisə barədə xəstəxanaya müraciət etməyib və bunu adi qarşılayıb.

 

Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nın yoluxucu xəstəliklər şöbəsində onun üçün ayrılmış xüsusi palatada aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov