Türkiyə Avropa İttifaqını razılaşmaları pozmaqla hədələdi

"Türkiyə Avropa İttifaqı ilə razılaşmaları ləğv edə bilər". APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, belə bir açıqlama ilə ölkə prezidentinin baş müşaviri Yiğit Bulut çıxış edib.

 

O, Avropa İttifaqının istəyinin əksinə olaraq, ölkəyə pənah gətirən miqrantlara bundan sonra da dəstək göstəriləcəyini bildirib: "Avropa İttifaqından heç nə gözləmirik. Qoy, onlar ikili standartlı yanaşmalarına davam etsinlər. Onu da bilsinlər ki, ittifaq tərəfindən bu cür münasibətin davam edəcəyi təqdirdə, Türkiyə də yaxın zamanda radikal qərarlar verə bilər".

 

Baş müşavir bildirib ki, qurumun irəli sürdüyü tələbə rəğmən, ölkəsi "Terrorla mübarizə haqqında qanun"da hər hansı formada dəyişiklik etmək niyyətində deyil.

 

"Türkiyə Gömrük İttifaqı haqqında müqavilə də daxil olmaqla, ittifaqla hər sahədəki əlaqələrə yenidən baxa bilər. Bunun baş verməməsi üçün Avropa İttifaqı verdiyi vədlərə əməl etməlidir. Qurum terror qanununa dəyişiklik edilməsini tələb edir ki, bununla bağlı prezident Rəcəb Tayyib Ərdoğan daha öncə öz fikrini ifadə edərək, Türkiyənin bu məsələdə öz yolu ilə gedəcəyini bildirib" - deyə, Yiğit Bulut vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv