ABŞ Vyetnama silah embarqosunu ləğv etdi - TARİXİ QƏRAR
Birləşmiş Ştatlar Vyetnamın silah əldə etməsinə tətbiq etdiyi embarqonu ləğv edəcək.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu barədə öz prezidentliyi dövründə ilk dəfə olaraq Vyetnama səfər edən Ağ Ev rəhbəri Barak Obama açıqlama verib.
ABŞ prezidenti bu addımı Çinin son zamanlar atdığı addımlarla deyil, ölkəsinin Vyetnamla əlaqələri normallaşdırmaq istəyi ilə əsaslandırıb.
Vyetnama münasibətdə silah qadağası kommunist şimal hissəsi ilə amerikanpərəst cənub arasında 1975-ci ilə qədər davam müharibə dövründən qüvvədə olub. Hər iki ölkənin diplomatik münasibətləri 1995-ci ildə bərpa olunsa da, Vyetnamın silah almasına qoyulan embarqo ləğv edilməyib. Hazırda baş verən dəyişikliklərin Vyetnamın hərbi gücünü artırmaq üçün zəruri texnikanı əldə etməsinə xidmət edəcəyi gözlənilir.
Qeyd edək ki, Vaşinqton rəsmi Hanoy ilə diplomatik münasibətlərin, o cümlədən uzunmüddətli hərbi əlaqələrin tamamilə normallaşmasına çalışdığını açıqlayıb.