İstanbulda Dünya Humanitar Sammiti başladı
Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb. APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər.
Dünya Humanitar Sammiti liderlərin səhər yeməyi ilə başlayıb. Sonra sammit iştirakçıları birgə foto çəkdiriblər.
Sammitin açılış mərasimi dünyanın humanitar fəlakət bölgələrində mövcud vəziyyəti və həmin ərazilərə yardımların çatdırılmasını əks etdirən təqdimatla davam edib.
BMT-nin baş katibi Pan Gi Mun çıxış edərək Humanitar Sammitin keçirilməsinə verdikləri dəstəyə görə bütün dünya liderlərinə təşəkkürünü bildirib. Dörd il əvvəl bu ideyanın yaranmasına səbəb kimi dünyada humanitar böhranın getdikcə dərinləşdiyini deyən Pan Gi Mun deyib ki, bu böhran hər il dərinləşir və insanların bu sahədəki çətinlikləri daha da artır. Dünyada münaqişələrin qarşısının alınmasının vacibliyini diqqətə çatdıran Pan Gi Mun humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirib. Müharibələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi təhdid etdiyini deyən Ərdoğan Türkiyənin humanitar problemlərin həllində fəal rol oynadığını qeyd edib. O, Türkiyənin bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırdığını diqqətə çatdırıb.
Qısa fasilədən sonra sammit işini plenar iclasla davam etdirib.
Plenar iclasın həmsədri, BMT-nin baş katibi Pan Gi Mun Sammitin qarşısında duran əsas öhdəlikləri açıqlanıb. O, müzakirələrin bu öhdəliklərin həyata keçirilməsi, qarşıda duran problemlərin həlli istiqamətində aparılacağını diqqətə çatdırıb.
İclasın digər həmsədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sülhyaratma, qlobal sülhə nail olma və digər məsələlərdə Türkiyənin bundan sonra da eyni əzmlə çalışacağını bildirib.
Almaniya kansleri Angela Merkel silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini bildirib. O, Almaniyanın bundan sonra da humanitar yardımların dəstəklənməsi və müvafiq vəsaitin daha da artırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini vurğulayıb.
Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir əs-Sabah qeyd edib ki, bu sammit BMT-nin öz məqsədlərinə çatması üçün mühüm vasitədir.
Ölkəsində bu sahədə çətinliklərdən danışan Mali prezidenti İbrahim Bubakar Keyta terror qruplaşmalarının humanitar və digər sosial problemlərdən istifadə etdiyini vurğulayaraq, bu təhdidlərin qarşısının alınması üçün bütün ölkələri humanitar sahəyə sərmayə qoymağa çağırıb.
Azərbaycan prezidenti İlham Əliyev sammitin plenar iclasında çıxış edib.
Sonra Ukrayna prezidenti Petro Poroşenko, Makedoniya prezidenti Gyorge İvanov, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili çıxış edərək, dünyada humanitar problemlərin həlli istiqamətində bütün fəaliyyətləri dəstəklədiklərini vurğulayıblar.
Qeyd edək ki, Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışdır. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.