Zaqatala sakinlərinin heyvanlarını mənimsəyən şəxslər tutuldu

Zaqatala rayon sakinlərinə məxsus 600 başa yaxın xırdabuynuzlu heyvanları dələduzluq yolu ilə mənimsəyən Qazax, Laçın və Ağdam rayon sakinləri həbs edilib.

 

APA TV-nin məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində etibardan sui-istifadə yolu ilə vətəndaşları aldadaraq, onlara məxsus ümumilikdə 600 başa yaxın xırdabuynuzlu heyvanları satmaq adı ilə mənimsəyən şəxslər saxlanılıb.

 

Qazax rayonunun Kosalar kənd sakini, 32 yaşlı Arzu Süleyman oğlu Alırzayev, Laçın rayonunun Bozlu kənd sakini, 35 yaşlı Əfqan Barat oğlu Təhməzov, Ağdam rayonunun Şurabad kənd sakini, 36 yaşlı Mahmud Qənbər oğlu Quliyev və Laçın rayonunun Çıraqlı kənd sakini, 35 yaşlı Xəlilov Elbrus Azay oğlu əlbir olaraq, ötən ilin avqust-sentyabr aylarında Zaqatala rayonunun Suvagil kənd sakinləri Qazıyev Kərim Osman oğlunun 112 və təkrarən 89 baş, Çobanzadə Ramazan Şaban oğlunun 110 baş və təkrarən 191 baş, Mülkümov Məhəmməd Abdurahman oğlunun 184 baş quzularını dələduzluq etməklə ələ keçirib, zərərçəkmiş şəxslərə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

 

Zaqatala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Arzu Alırzayev, Əfqan Təhməzov, Mahmud Quliyev və Elbrus Xəlilov Abşeron rayonunun Masazır qəsəbəsində saxlanılaraq, Zaqatala RPŞ-nin İstintaq Bölməsinə təqdim olunub.

 

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq Bölməsində istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv