Avropa çempionatında 3 medal qazanan taekvondo millimiz Bakıya qayıtdı
İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan taekvondo yığması Bakıya qayıdıb.
APA TV-nin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında millinin üzvləri idman həvəskarları və Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında Serbiya ilə 6-cı yeri bölüşüb. Millimiz yarışı bir dəst medalla başa vurub. Komandada Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş, Payam Qubadi Uqaz (87 kq) bürünc medal qazanıb.
Milad Beigi Harçeqani, Avropa çempionatının qızıl medalçısı: "Yarışlar ağır keçdi. Rəqiblər dünya, Avropa çempionları idi. Allah bizə kömək elədi və Azərbaycanın bayrağını ucaltdıq, himnini səsləndirdik".
Patimat Abakarova, Avropa çempionatının gümüş medalçısı: “Mənim ilk döyüşüm Latviya, ikinci döyüşüm isə Serbiya idmançısı ilə oldu. Yarımfinala vəsiqə uğrunda döyüşdə Kipr idmançısını məğlub etdim və yarımfinalda təcrübəli fransalı taekvondoçu ilə qarşılaşdım. Ona qalib gəlsəm də, finalda rusiyalı idmançıya minimal hesabla uduzdum”.
Azərbaycan Taekvondo Federasiyasının Milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev bildirib ki, millimiz Avropa çempionatına daha çox medal qazanmaq ümidi ilə gedib: “Təəssüf ki, gənc idmançılarımızın bəziləri öz səhvləri, bəziləri isə idman şanssızlığı üzündən məğlub oldular. Əsas hədəfimiz Olimpiya oyunlarıdır. Biz 4 idmançı ilə hazırlaşacağıq. İnanıram ki, Avropa çempionatında məğlub olan lisenziyalı idmançılarımız qalan müddət ərzində öz üzərlərində işləyəcəklər”.
Əlavə edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev və Fəridə Əzizova Avropa birinciliyində medal qazana bilməyiblər.
Azərbaycan millisinin baş məşqçisi Rza Mehmandost jurnalistlərə açıqlamasında bildirib ki, Avropa çempionatı çətin yarış olub: “Ümumilikdə göstərdiyimiz nəticə yaxşı oldu. Məğlub olan gənc idmançılarımızın gələcək nəticələrinə daha çox ümid edirik. Bu, onlar üçün bir sınaq idi. Olimpiadada gənc taekvondoçuları bir daha sınayacağıq”.
Avropa çempionatında birinci yeri Böyük Britaniya, ikinci yeri Türkiyə, üçüncü yeri Rusiya yığmaları tutub.