İŞİD Ramazan ayında ABŞ və Avropada terror aktları planlaşdırır
İŞİD terror təşkilatı Ramazan ayında ABŞ və Avropada terror aktı törədəcəyini açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, təşkilatın rəsmi sözçüsü Ebu Muhammed Adnaninin 31 dəqiqəlik təlimatının səs qeydi ortaya çıxıb.
2013-cü ildən bəri İŞİD-in sözçüsü olan Adnani "təşkilatın bundan sonrakı hədəfləri"ni açıqlayıb. Terrorçu İraq və Suriyada İŞİD-ə qatıla bilməyən şəxslərə müraciət edərək bildirib ki, "imkanlarınız əl vermədiyi üçün aramıza qatılmaya bilərsiniz, amma olduğunuz ölkələrdə böyük partlayışlar törədin".
Adnani açıqlamasında Ramazan ayında Avropada və ABŞ-da böyük hücumlar gerçəkləşdirəcəklərini və bu hücumlarla dünyanı şoka salacaqlarını söyləyib. O, indiyə qədər Suriya və İraqa 20 min bomba atan qərbliləri evlərində cəzalandıracaqlarını qeyd edib.
İŞİD-in rəsmi sözçüsünün açıqlamasındakı "İraq çöllərində yaşamağa da hazırıq" sözləri Suriyadan İŞİD-in çəkilməsinə bir işarə olaraq başa düşülüb.