Güclü külək Şəmkirdə ağacları aşırdı, elektrik xətləri qırıldı

Ötən axşam qərb bölgəsində müşahidə edilən güclü külək və dolu bir sıra fəsadlar törədib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, küləyin ən çox ziyan vurduğu yerlərdən biri Şəmkir rayonudur.

 

Saat 18:00 radələrindən başlayaraq əsən güclü külək bir neçə yerdə iri ağacları kökündən çıxarıb. Bakı-Qazax magistralının Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində qırılaraq yola aşan 2 ağac hərəkəti dayandırıb. Ağacın götürülməsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

 

Zəyəm kəndindən Düyərli kəndinə gedən yolun kənarında da 3 böyük ağac küləyin gücündən qırılaraq yola aşıb. Nəticədə kəndlərin əlaqəsi kəsilib.

 

Aşan ağacın yüksək gərginlikli xətləri qırması nəticəsində Zəyəm və Düyərli kəndlərində 10 min nəfərə yaxın insan işıqsıq qalıb. Külək həmçinin bir neçə evin dam örtüyünü yararsız hala salıb.

 

Axşam saatlarından etibarən yolun açılması üçün yerli imkanlarla işə başlanıb.

 

Rayonlarda həmçinin aqrar sektora da ciddi ziyan dəyib. Dolu əkin sahələrində məhsulları yararsız hala salıb. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, tezliklə fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanacaq.

Müəllif | Apa.Tv
Apa.tv