"DQR"-in sabiq "xarici işlər naziri": "Sarkisyan itirilmiş əraziləri Azərbaycana vermək niyyətindədir"

"Serj Sarkisyan itirilmiş əraziləri Azərbaycana vermək niyyətindədir". APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu fikirləri bəyanatla özünü qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq "xarici işlər naziri" kimi təqdim edən Arman Melikyan çıxış edib.

 

O qeyd edib ki, bu problemi kökündən həll etmək üçün həm Madrid prinsipləri, həm də müharibəyə alternativ mövcuddur. Sadəcə, bu alternativi tapmaq lazımdır: "Madrid prinsiplərinə olduğu kimi, müharibəyə də alternativ var. Bu alternativə yaxınlaşmaq üçün həm Ermənistan, həm də Dağlıq Qarabağdakı rejim atdığı addımları və məsələyə yanaşmasını bir daha nəzərdən keçirməlidir. Mən əminəm ki, mövcud vəziyyəti dəyişmək üçün bizim kifayət qədər iradəmiz var".

 

A.Melikyan həmçinin aprel ayında qoşunların təmas xəttində yaranmış gərginliyə, o cümlədən prezidentlərin Vyana görüşünə də münasibət bildirib. "Vyana görüşü aprel ayındakı hərbi əməliyyatların həm ərazi, həm də hərbi nəticələrini ortaya qoydu. Bu əməliyyatlar nəticəsində Azərbaycan bəzi ərazilərə nəzarət etməyə başladı. Lakin Ermənistan rəhbərliyi bu fakt qarşısında susmaqla kifayətləndi. Nəticədə həm Serj Sarkisyan bu ərazilərdən əl çəkdi, həm də Dağlıq Qarabağdakı rejim Ermənistanı bu problemin siyasi yolla həllinə məcbur etmədi" - deyə, Arman Melikyan bildirib.

 

A.Melikyanın səsləndirdiyi tezislərə münasibət gecikməyib. Belə ki, "Dağlıq Qarabağ Respublikası Parlamenti"nin "vitse-spikeri" Vaqram Balayan da aprel döyüşləri zamanı erməni tərəfinin itirdiyi mövqelərin heç bir strateji əhəmiyyət daşımadığını bildirsə də, bu mövqelərin erməni əsgərlərinin qanları bahasına müdafiə olunduğunu söyləyib.

 

Qondarma "parlament"in "Demokratiya" fraksiyasının rəhbəri Vardaqes Baqryan isə deyib ki, əhəmiyyətindən asılı olmayaraq, bu mövqelər burada yaşayan əhalinin torpağının bir hissəsidir.

 

"Milli Dirçəliş" fraksiyasına rəhbərlik edən Ayk Xanumyan da Ermənistan prezidentinin açıqlaması ilə razılaşmayıb. O bildirib ki, Talış kəndində yerləşən evlərin 70 faizinin rahat şəkildə müşahidə edilərək vurula biləcəyi mövqeləri strateji cəhətdən əhəmiyyətsiz adlandırmaq məntiqsizlikdən başqa bir şey deyil.

Müəllif | Apa.Tv
Apa.tv