"AzərTAC"la Bakı Şəhər Halqası arasında rəsmi tərəfdaşlıq sazişi imzalandı
Mayın 24-də Azərbaycan Dövlət İnformasiya Agentliyi ("AzərTAC") ilə “Formula-1” Avropa Qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.
APA TV-nin xəbərinə görə, sazişi Azərbaycanın gənclər və idman naziri, BŞH-nın sədri Azad Rəhimov və "AzərTAC"-ın baş direktoru Aslan Aslanov imzalayıblar.
Rəsmi media tərəfdaşlığına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib ki, əldə olunan razılığa əsasən, "AzərTAC" ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək, Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri bütün dünyada yayacaq. Onun sözlərinə görə, bu il Bakıda, sadəcə, möhtəşəm yarış keçirilməyəcək, həmçinin bu yarış vasitəsilə paytaxt Bakı və ümumilikdə milli mədəniyyətimiz dünya ictimaiyyətinə təbliğ ediləcək.
Nazir qeyd edib ki, yarışa hazırlıq işləri cədvələ uyğun aparılır və iyunun 10-na kimi tamamlanacaq: "Bakı şəhərin tras olan küçələri tamamilə hazırdır. Asfalt işləri bitib, yüksək səviyyədə həyata keçirilib. Beynəlxalq nəzarət komitəsi tərəfindən qəbul olunub və bu asfalt örtüyü çox yüksək səviyyədə qiymətləndirilir. Hazırda həmin o halqanın ətrafında, həmin trekin kənar hissələrində hasarlar tikilir. İT texnologiyaya aid olan xırda məsələlər var, onlar da tənzimlənəcək".
Azad Rəhimov bildirib ki, iyunun 17-də pilotlar treklə tanış olacaqlar. “Formula-1” Avropa Qran-pri yarışı üçün 4 minə yaxın könüllü cəlb ediləcək.