Masallı sakini həmkəndlisini qətlə yetirdi

Masallıda qətl hadisəsi törədilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Bədəlan kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 39 yaşlı Afiq Yusubov aralarında yaranmış mübahisə zəminində 45 yaşlı həmkəndlisi Əzim Əzimova 4 bıçaq zərbəsi endirib. Əzim yaralı vəziyyətdə şəxsi minik avtomobili ilə müəyyən məsafəni qət edərək yaxınlarını köməyə çağırıb. Zərərçəkmiş dərhal onların müdaxiləsi ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Əzim Əzimovun həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qanitirmədən dünyasını dəyişib.

 

Hadisəni törətmiş Afiq Yusubov hadisə yerindən qaçsa da, uzağa gedə bilməyib. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onu yaxalayaraq şübhəli şəxs qismində istintaqa cəlb ediblər.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Nəbulla Babayev, qətlə yetirilmiş şəxsin yeznəsi: "Axşam yatmışdım, dedilər qaynın xəstəxanadadır, gəlib gördüm bunlar da bilmir. Çıxdım getdim gördüm xəstəxanadadır, məni qoymurlar içəri. Həkimdən soruşdum nə olub, nədi, dedi bıçaqla vurublar dörd dəfə, hələlik yaxşıdır. Mən çıxdım həyətə, yenə çıxmaq istədim yuxarı, dedilər öldü".

 

Masallı rayon prokurorunun köməkçisi Qasım Ağayev bildirib ki, baş vermiş cinayət işi ilə bağlı şübhəli əsaslar olduğundan, Afiq Yusubov saxlanılaraq istintaqa cəlb edilib: "Hazırda cinayət işi üzrə istintaq gedir, digər məlumatların yolverilməzliyini nəzərə alaraq ictimaiyyətə əlavə məlumat veriləcək".

Müəllif | Apa.Tv