Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən” zona yarışları keçirildi
Bu gün Xaçmazda Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” zona birinciliyi keçirilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yarışda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzəndən olan 5 komanda iştirak edib.
Komandalar fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdə bacarıqlarını nümayiş etdirib. Açılış mərasimində yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən bəhs edilib. Komandalar təntənəli şəkildə yarışın keçirildiyi məkana addımlayıb
Yarış iştirakçıları kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, axtarış xilasetmə işi, gənc ekspertlər və komandaların təqdimatı adlı mərhələlərdə güclərini sınayıb. Gərgin keçən mübarizədə Quba komandası 3-cü, Siyəzən komandası 2-ci, Xaçmaz komandası isə 1-ci olub.
Zona yarışının qalibi olan komanda ümumrespublika yarışında iştirak etmək hüququ qazanıb.