Ağdaşda dayı bacısı oğlunu baltaladı

Ağdaş rayonunda dayı və bacıoğlu arasında baş verən dava qanla nəticələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

 

Mingəçevir şəhər sakinləri olan 1970-ci il təvəllüdlü Cavid Mayıl oğlu İbrahimov və 1978-ci il təvəllüdlü bacısı oğlu Mustafa Rüfət oğlu Sofiyev Ağdaşın Kükəl kəndindəki ata-baba evinə qonaq gəliblər. Onlar əvvəlcə həyətdə ot biçiblər, meyvə yığıblar və sonra yemək yeyərkən spirtli içki qəbul ediblər. Mustafa dayısından evi təmir eləmək üçün kömək istəyib. Dayı isə bacısı oğlunu söyüşlə təhqir edib.

 

Aralarında baş verən dava zamanı sərxoş olan Cavid İbrahimov ona təhqirlə cavab qaytaran bacısı oğlu Mustafa Sofiyevin başına, sifətinə və qollarına balta ilə bir neçə dəfə xəsarət yetirib. Balta ilə 6 ağır xəsarət alaraq huşunu itirən, yerə yıxılaraq çoxlu qan itirən Mustafa Sofiyev təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mustafa Sofiyev əməliyyat olunsa da, onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Cavid İbrahimov qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Hadisənin şahidi, zərərçəkmiş Mustafa Sofiyevin xalası Ofeliya İsgəndərova APA TV-nin yerli bürosuna bildirib ki, qardaşı Cavid İbrahimov dəfələrlə onu, 79 yaşlı anasını və bacısı oğlu Mustafanı döyüb, söyərək təhqir edib. Onun sözlərinə görə, Cavid İbrahimov ailə üzvləri ilə həmişə aqressiv davranıb, hamını incidib. O, hətta bir dəfə qonşusu ilə dava edərək onun evini yandırıb. Heç yerdə işləmən, anasının pensiya pulu ilə yaşayan Cavid İbrahimov əvvəllər Rusiyada hadisə törədərək həbs edilib. O, bu yaxınlarda həyat yoldaşından da boşanıb.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov