Azərbaycan İran sərhəddində ATIŞMA

Dövlət Sərhəd Xidməti Azərbaycan-İran sərhədindəki sialhlı insidentə aydınlıq gətirib. Qurumun mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, oktyabrın 11-də saat 0.345 radələrində Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 sərhəd naryadı dövlət sərhədində şübhəli səslər eşidib və İrandan Azərbaycan istiqamətində hərəkət edən 3 nəfərin qaraltısını müşahidə edərək bu barədə dərhal sərhəd zastavasına məruzə edib. Sərhəd naryadı maskalanaraq sərhəd pozucularını yaxın məsafəyə buraxıb və onlara “Dayan” komandası verib.

Lakin sərhəd pozucuları sərhəd naryadının tələblərinə məhəl qoymayaraq geri qaçmağa başlayıblar. Sərhəd naryadı onları təqib edib, tabe olmadıqlarını gördükdə naryad başçısı xəbərdarlıq atəşi açıb. Sərhəd pozucuları bu tələbə də tabe olmadıqda, naryad üzvləri təqibi davam etdirməklə onların qaranlıq hava şəraitində, həmçinin meşəlik ərazidə saxlanılmasına nail olmaq üçün qanuna uyğun olaraq silahdan istifadə ediblər.

Sərhəd pozucularından bir nəfəri naryad başçısı tərəfindən açılmış atəşlə hər iki ayaq nahiyəsindən güllə yarası alıb. Yaralı sərhəd pozucusu - Yardımlı rayon sakini, 1969-cu il təvəllüdlü, Abışov Mais Murtuz oğluna sərhəd naryadı üzərində olan fərdi sarğı paketindən istifadə etməklə ilkin tibbi yardım göstərib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Digər sərhəd pozucusu - Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü, Mirseyfullayeva Günay Azad qızı yaxalanıb. Təqibdən yayınmağa müvəffəq olmuş digər sərhəd pozucusu, 1976-cı il təvəllüdlü Abışov Ramiz Murtuz oğlunun axtarışı üzrə tədbirlər davam etdirilir.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus bir ədəd mobil telefon va 2520 qutu “Marlboro” siqareti aşkar edilərək götürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv