Azərbaycan prezidenti AYİB prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev mayın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı Suma Çakrabartini yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsi münasibətilə təbrik etdi və onun bu vəzifəyə təkrar seçilməsini gördüyü işlərə verilən qiymət kimi dəyərləndirərək ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirməkdə ölkəmizin maraqlı olduğunu deyən dövlət başçısı bildirib ki, bu bankla əməkdaşlıq Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfəsini verib.
Suma Çakrabarti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, rəhbərlik etdiyi qurumla Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini məmnunluqla vurğulayaraq, ölkəmizdə aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.
Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 70 faizinin özəl sektorun payına düşdüyünü vurğulayan Suma Çakrabarti maliyyələşdirdikləri 9 layihədən 8-nin qeyri-neft sektoruna aid olduğunu deyib.
Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.