Tomas Qoltsun "Azərbaycan gündəliyi" təqdim olundu
ADA Universitetində amerikalı ekspert Tomas Qoltsun Azərbaycan dilinə tərcümə edilmiş "Azərbaycan gündəliyi" kitabının təqdimat mərasimi olub.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən ADA universitetinin rektoru Hafiz Paşayev kitabın Azərbaycan tarixinin önəmli məqamları, o cümlədən tarixdən silinməsi mümkün olmayan misilsiz faktlarla zəngin qiymətli vəsait olduğunu söyləyib.
O qeyd edib ki, T.Qolts ermənilərin torpaqlarımıza təcavüzü, azərbaycanlılara qarşı aqressiv siyasətinin başlandığı dövrdən bu münaqişə ətrafındakı prosesləri diqqətlə izləyib və həmin dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərib. "Azərbaycan gündəliyi" kitabı da məhz bu müşahidələrin bəhrəsidir.
Tədbirdə qeyd olunub ki, T.Qolts hazırda ABŞ-ın nüfuzlu "Montana" Universitetində Azərbaycan üzrə kurs təşkil edib və bu istiqamətdəki fəaliyyətini uğurla davam etdirir.
Mərasimdə çıxış edən Tomas Qolts isə müəllifi olduğu kitabın yalnız tarixi faktlarla deyil, həm də Azərbaycanın başına gətirilən fəlakətləri özündə əks etdirən fotoşəkillərlə də zəngin olduğunu deyib. Müəllif çıxışında ölkəmizin hazırkı durumunu 1993-cü ildəki vəziyyəti ilə müqayisə edərək, hazırda əhalinin firavan şəraitdə yaşadığını önə çəkib:
SİNXRON: Tomas Qolts, müəllif:
“Azərbaycan artıq müstəqil ölkədir. Halbuki 1993-cü ildə Azərbaycanın belə bir ölkə olacağı barədə düşünmək çox çətin idi. Suallar yaranırdı ki, bu ölkə qalacaq, ya yox. 1991-ci ildə Azərbaycanda nələr baş verirdi, anlamırdım. Hadisələr sürətlə inkişaf edirdi".
Digər natiqlər Tomas Qoltun o dövrdə Qərbin Azərbaycanın haqq səsinə səs verməsində, informasiya blokadasının yarılmasında əsas rol oynayan insanlardan biri olduğunu bildiriblər.
Təqdimat mərasimi kitabın müzakirəsi ilə davam etdirilib.