Neyl Melvin: "Aprel döyüşləri təkrarlansa, Ermənistan çıxılmaz vəziyyətə düşəcək"

Stokholmda yerləşən Dünya Problemlərinin Tədqiqi Beynəlxalq İnstitutunun eksperti, eyni zamanda Qafqaz regionunda Münaqişələr, zorakılıq və sülhməramlı fəaliyyət Proqramının rəhbəri Neyl Melvin İrəvana səfəri zamanı Ermənistan mətbuatına müsahibəsində regionun aktual problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, N.Melvin aprel ayında qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə toxunaraq, bu faktorun gələcəkdə də təkrarlana biləcəyini və bu halın regional müharibə ilə nəticələnəcəyini deyib.

 

Onun sözlərinə görə, aprel ayındakı intensiv hərbi əməliyyatların yenidən alovlanması Ermənistanın bu dəfə real olaraq çıxılmaz vəziyyətə salacaq: "Azərbaycanın bu dəfə heç də yalnız Qarabağı hədəfə alacağı şərt deyil. Ola bilsin ki, onlar işğal olunmuş ərazilərin bir hissəsini geri qaytarmağa nail olsun. Lakin yenidən başlayacaq hərbi əməliyyatların əhatə dairəsinin genişlənməsi və Azərbaycan tərəfinin bu dəfə arsenalında mövcud olan ən ağır silah növlərini işə salması Ermənistanın həqiqətən də çıxa bilməyəcəyi vəziyyətə düşməsi ilə nəticələnəcək". 

 

Neyl Melvin münaqişənin hərbi yolla həll oluna biləcəyi ehtimalına da toxunaraq bildirib ki, əgər Azərbaycanın strategiyası işğal olunmuş ərazilərin müharibə yolu ilə geri qaytarılmasından ibarətdirsə, nə Vyana görüşü, nə də bundan sonra keçiriləcək digər görüşlər heç bir nəticə verməyəcək.

 

Ekspert budəfəki hərbi əməliyyatların əhatəsinin daha da geniş olacağını da sözlərinə əlavə edib. O, Rusiya və İsraildən aldığı silah və hərbi texnikanın hesabına Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyə malik olduğunu və bu üstünlüyün növbəti hərbi əməliyyatlar zamanı özünü bir daha göstərəcəyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv