Lavrov: "Rusiya NATO təhlükəsini neytrallaşdırmaq üçün addımlar atacaq"
"Rusiya öz sərhədləri yaxınlığında artmaqda olan və milli təhlükəsizliyə qarşı təhdid xarakteri daşıyan NATO təhlükəsini neytrallaşdırmaq üçün addımlar atacaq".
APA TV-nin RBC-ya istinadən xəbərinə görə, bu fikirləri Macarıstanın nüfuzlu "Magyar Nemzet" nəşrinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.
"Şübhəsiz ki, biz Rusiya sərhədləri daxilində hərbi potensialın gücləndirilməsi və ABŞ-ın Raket Əleyhinə Müdafiə Sisteminin Avropa seqmentinin yaradılması da daxil olmaqla, NATO-nun Avropada qüvvələr nisbətinin pozulmasına qarşı yönəlmiş məqsədyönlü addımlarına laqeyd qala bilmərik" - deyə o qeyd edib.
Bununla belə, Rusiya xarici siyasət idarəsinin başçısı Şimali Atlantika Alyansı üzvlərinin konfrontativ sxemlərin yaradılmasından imtina edəcəyi və məsələyə konstruktiv yanaşma sərgiləyəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Rusiya dəfələrlə NATO qüvvələrinin federasiyanın sərhədlərinə yaxınlaşmasını özünün təhlükəsizliyinə qarşı real təhdid kimi qiymətləndirib.