Dövlət Əmək Müfəttişliyi Xidməti: "Çalışırıq ki, cərimələr tətbiq etməyək"

"Bütün işə götürənlər borcludurlar ki, onlar işçilərini sağlam və təhlükəsiz əmək şəraitində çalışdırsınlar. Normalara, standartlara riayət etsinlər. Bütün işçiləri fərdi mühafizə vasitələri ilə təmin etsinlər". APA TV-nin xəbərinə görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

 

O, təəssüflə qeyd edib ki, bəzən işə götürənlər işçiləri fərdi mühafizə vasitələr təmin etmirlər. Təmin edənlər isə bunun düzgün istifadəsinə nəzarət etmir. Ölkədə 44 minə yaxın işə götürən var və bunların hər birinə nəzarət etmək mümkün olmur: "Hər hansı işçini əmək münasibətinə cəlb edir və onu elektron informasiya sistemində qeydiyyatdan keçirmir. Yəni əmək müqaviləsiz çalışır. Biz bunu nəzarətdə saxlamağa çalışırıq. Əgər belə hallar baş verərsə, qanunvericiliyə müvafiq qaydada cərimələr tətbiq edirik. Amma ilk olaraq çalışırıq ki, cərimələr tətbiq etməyək. Bütün işçilər də, işəgötürənlər də əmək münasibəti formalaşırsa, elektron qeydiyyat sistemindən qeydiyyatdan keçsin".

 

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiyanın əmək və məşğulluq sahəsində fəaliyyət göstərən qurumları arasında təcrübə mübadiləsinə başlanılıb. Bu münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bakıda səfərdə olan Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib. Səfərdə məqsəd Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində əldə olunmuş təcrübəni öyrənmək, habelə öz fəaliyyət sahələrində malik olduğu təcrübəni bölüşməkdir. 

Müəllif | Apa.Tv
Apa.tv