Goranboyda "Ford" qəzaya uğradı, xəsarət alanlar var
Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə yolun 340-cı kilometrliyində, Goranboy rayonunun Borsunlu kəndi ərazisində qeydə alınıb.
“Ford” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və maşın yol istiqamətlərini ayıran dəmir məhəccərə çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü və sərnişini xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstəxanadan vəziyyətlərinin normal olduğu bildirilir. Maşın gilasla yüklü olduğundan, qəza zamanı məhsul yola dağılıb.
Qəzaya avtomobilin təkərinin partlamasının səbəb olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.