Sərxoş sürücü Bakıda zəncirvarı qəzaya səbəb oldu
Bakıda sərxoş sürücü zəncirvarı qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib.
Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil qarşıda hərəkətdə olan "VAZ-2107" markalı maşına arxadan çırpılıb. Zərbənin gücündən "VAZ-2107" onunla yanaşı hərəkət edən “Mercedes” markalı digər avtomobilə dəyib. Qəzaya səbəb olan “Mercedes”in sürücüsü avtomobili ilə hadisə yerindən uzaqlaşmağa çalışsa da, buna nail ola bilməyib. O, bir qədər getdikdən sonra avtomobili yol kənarında saxlayıb, ərazini piyada tərk edib.
Hadisə yerində yol-patrtul xidməti əməkdaşları gəliblər. Hadisə yerindən qaçan sürücünün dostları polis əməkdaşlarını aldatmağa və onları avtomobili tamam başqa adamın idarə etdiyinə inandırmağa çalışıblar. Lakin ilkin araşdırma zamanı məlum olub ki, “Mercedes”i 1985-ci il təvəllüdlü Tağıyev Ruslan Rafikoviç idarə edib. Bir müddət sonra onun özü də hadisə yerinə qayıdıb və sərxoş olduğu üzə çıxıb. O, sərxoşluq dərəcəsinin təyin edilməsi üçün tibbi müayinəyə aparılıb.
"VAZ-2107"nin sürücüsü Bahadur Nəzərov yüngül xəsarət alıb və təcili tibbi yardım briqadası ona hadisə yerində ilkin tibbi yardım göstərib. Sürücü deyir ki, “Mercedes”in sürəti çox yüksək olub.
“Yolumla gedirdim 60-70 sürətlə. Bir də gördüm fırlanıram. Başqa heç nə görə bilmədim. Arxadan gəldi vurdu. Sonra hadisə yerini tərk etdi”.
Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.