Donald Tusk: "Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar davam edəcək"
"Ukraynanın şərqində sülh tam miqyasda bərqərar edilməyənədək Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları qüvvəsində saxlayacaq". APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu fikirləri özünün "Twitter" səhifəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk paylaşıb.
Şura prezidenti qeyd edib ki, bu barədə müvafiq qərar yaxın iki-üç həftə ərzində qəbul ediləcək. Daha öncə Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların bu ilin sonunadək qismən ləğv ediləcəyi bildirilirdi. Bu addım isə ittifaq üzvləri arasında ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olub. Belə ki, quruma üzv ölkələrin bir hissəsi rəsmi Moskvaya yönələn sanksiyaların müddətinin avtomatik olaraq uzadılmasına qarşı çıxaraq, onların yumşaldılmasını tələb edib.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar 2014-cü ildə Ukrayna silahlı qüvvələri ilə üsyançılar arasında Donetsk və Luqanskda silahlı toqquşmaların başlanmasından sonra tətbiq edilib.