Oğlu qəza törədərək iki nəfəri öldürən keçmiş məmurun içi pulla dolu seyfi oğurlandı - TƏFƏRRÜAT
Bakıda mənzildən içərisi pulla dolu seyf oğurlanıb.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Mübariz Mədətova məxsus evdən içərisində 10 000 ABŞ dolları və 40 000 avro olan seyf oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.
Xatırladaq ki, içi pulla dolu seyfi oğurlanan Mübariz İsrafil oğlu Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin müavini vəzifəsində çalışarkən ölkə başçısının göstərişi ilə işdən çıxarılıb. Buna səbəb M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes G Class” markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurması və ailənin iki üzvünün ölməsi olmuşdu.
Faktla bağlı araşdırma aparılır.