Erməni analitik: "Moskva Bakıya görə istənilən an Ermənistanın üstündən xətt çəkə bilər"

"Azərbaycan Kreml üçün o qədər qiymətlidir ki, istənilən an Moskva Ermənistanın üzərindən xətt çəkə bilər". APA TV-nin məlumatına görə, belə bir açıqlama ilə Ermənistanın tanınmış erməni ekspert Tevos Arşakyan çıxış edib.


O bildirib ki, Sərkisyan rejiminin Kreml kuratorları Ermənistanı və erməniləri alçaldan və ələ salan siyasətlərini davam etdirirlər.

"Aprel döyüşləri zamanı Rusiya və onun təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi özlərinin yeganə hərbi-siyasi müttəfiqi olan Ermənistana qarşı necə xəyanətkar davrandıqlarını yaxşı xatırlayırıq. Biz həmin an bir şeyi yaxşı dərk etdik ki, Ermənistanın əslində heç bir müttəfiqi yoxdur. Rusiyaya isə öz məqsədləri naminə hərbi baza yerləşdirmək üçün biz sadəcə ərazi kimi lazımıq. Moskva Sərkisyan rejimi simasında erməniləri təhqir etməklə məşğuldur", - deyə, o qeyd edib.

Arşakyan bildirib ki, aprelin əvvəllərində İrəvanda keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi Birliyinin toplantısı baş tutmayıb.

"Həmin ərəfədə "dördgünlük müharibə" baş verdi. Rusiya isə cəsarət tapıb öz müttəfiqinin arxasında nəinki dayanmadı, hətta hər hansı bəyanat belə vermədi. Bütün bunlar azmış kimi Rusiya rəsmiləri Azərbaycana silah satışının davam etdiriləcəyini açıq şəkildə bildirdilər", - deyə ekspert vurğulayıb.

Arşakyan əlavə edib ki, bu məsələ Rusiya-Ermənistan parlamentlərarası komissiyasının təhlükəsizlik üzrə iclasında da müzakirə edilib, lakin Rusiya tərəfi rəsmi Bakı qarşısında hər hansı bir tələb qoyulmasına rusiyalı deputatlar etinasız yanaşıblar.

Erməni deputat Xaçatur Kokobelyan isə qeyd edib ki, hazırda Ermənistan parlamentində Rusiyanın bu addımlarının ciddi etirazlara səbəb olur. O bildirib ki, Rusiya tərəfi Azərbaycana qarşı konkret qərarın çıxarılmasında mövqe bildirməkdən qaçır.

"Əgər müttəfiqlərinə dəstək olmayacaqlarsa, rusiyalı deputatlar İrəvana nəyə görə gəlirlər? Gəzməyə, kef etməyə, yoxsa kabab yeyib, erməni konyakının dadına baxmağa? belə çıxır ki, bəli, məhz bunlara görə", - deputat əlavə edib. 

Müəllif | Apa.Tv
Apa.tv