Əfqanıstanda təyyarə qəzasında ölənlərdən daha birinin meyiti tanınıb
Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “AN 12” yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən ukraynalı heyət üzvünün cəsədi yaxınları tərəfindən tanınıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu, Zadnipryanets Ruslan Vladimiroviçdir. R. Zadnipryanetesin cəsədinin ailəsinə verilməsi ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, indiyə kimi heyətin 3 azərbaycanlı üzvünün – Nadir Rzayev, Firdovsi Şahverdiyev və Azər Zülfiyevin nəşləri ailələrinə təhvil verilib. Hazırda 3 nəfərin (1 özbək, 2 azərbaycanlı) meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindədir. Onların cəsədlərinin tanınması ilə bağlı genetik ekspertiza təyin edilib, bu istiqamətdə müvafiq iş aparılır.
Onu da qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7 nəfəri həlak olub.
Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil-qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.