Ramazan təqvimi açıqlandı, QMİ sədri təqvimə riayət etməyə çağırdı
"Suni və şiələr eyni gündə bayram namazı qılacaq, başqa cür ola bilməz". Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O, Ramazan ayı ilə bağlı məzhəb ayrı-seçkiliyi salınmasından narahat olduğunu bildirib və dindarlara bununla bağlı xəbərdarlıq edib. Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, idarənin vahid təqvimi var. Bu təqvim rəsədxana ilə birgə hazırlanıb, hamı eyni təqvimdən istifadə etməli, ayrı-seçkiliyə yol verilməməlidir.
Bəzi qüvvələr kənardan düzgün olmayan təqvimlər gətirir. Bu, təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidir. Bəzi qüvvələr Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışır. Bunlara imkan vermək olmaz. Məsələn, iyulun 6-da bayramdırsa, bütün sünni və şiələr eyni gündə bayram namazı qılacaqlar. Başqa cür ola bilməz".
Allahşükür Paşazadə deyib ki, Ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır. O, dindarları Dağlıq Qarabağ uğrunda səfərbər olmağa çağırıb. Şeyxülislam bildirib ki, dindarlar da özlərini əsgər yerində görməlidirlər, çünki dində Vətəni qorumaq imandandır.
Bundan başqa o , məhkumların əfvi ilə bağlı edilən müraciətlərdən də danışıb. Şeyxülislam Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın Amnistiya Aktı təşəbbüsünü humanist addım kimi dəyərləndirərək bildirib ki, üzv olduğu Əfv Komissiyasına da çoxsaylı müraciət daxil olur.
"Müraciətlərin çoxu ilə mən də tanış olmuşam, araşdırmışam. Əksəriyyəti həbsxanada onun üçün asan keçmədiyini, ailəsinin, övladlarının onsuz çətinlik çəkdiyini yazır və əfv istəyir. Amma çox yaxşı olardı ki onlar bunu cinayət törədərkən düşünəydilər. Bütün bunlara baxmayaraq, komissiya o müraciətlərin hamısına baxır".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılər Şurası və Elmi-Dini Şurası bu ilki Ramazan ayı ilə bağlı fətva verib. Fətva bu gün QMİ-də Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən dindarların toplantısında verilib.
İnterşum:
Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının ilk günü Ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq. Ramazan bayramı Şəvval ayının 1-də Ayın üfüqi ərazimizdə görünməsinə istinadən başlayacaq və bu, iyul ayının 6-a təsadüf edəcək. "Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin".