"UFAZ" Azərbaycan-Fransa Universitetinin təqdimatı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Şəhər Baş Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtda yerləşən orta məktəblərin 11-ci sinif şagirdləri ilə görüş, eləcə də "UFAZ" Azərbaycan-Fransa Universitetinin təqdimatı keçirilib.

 

Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək, rəhbərlik etdiyi ali təhsil ocağının tarixindən danışıb. Azərbaycanla Fransa arasında təhsil sahəsindəki uğurlu əməkdaşlıqdan söz açan rektor keçirilən bu görüşdə maraqlanan hər kəsin "UFAZ" layihəsi barəsində ətraflı məlumatlandırılacağını qeyd edib.

 

Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez belə bir layihənin Azərbaycanın qədim tarixə malik ali təhsil ocaqlarından birində reallaşmasından məmnunluğunu ifadə edib.

 

O, "UFAZ" layihəsinin əsasının 2014-cü ildə hər iki ölkənin prezidentləri tərəfindən qoyulduğunu və məhz buna görə də layihənin uğurlu olacağına inandığını söyləyib.

 

Qeyd olunub ki, sentyabr ayından fəaliyyətə başlayacaq layihə çərçivəsində yeni yaradılacaq universitetdə yalnız texniki ixtisaslar üzrə təhsil almaq mümkün olacaq. Tədris ilinin sonunda isə bu universiteti müvəffəqiyyətlə bitirən tələbələr yalnız texniki ixtisaslar üzrə yüksək səviyyəli təhsil ala biləcəklər.

 

Bununla yanaşı bu layihənin tələblərinə uyğun olaraq, universitetdə təhsil alanlar fransız və ingilis dilləri üzrə biliklərini daha da təkmilləşdirmək imkanı əldə etmiş olacaqlar.

 

Universitetdə kimya mühəndisliyi, neft mühəndisliyi, geofizika və cihazqayırma kimi ixtisaslar tədris olunacaq.

 

Tədbirin yekununda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və "UFAZ" layihəsi haqqında təqdimatlar nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv