"Arşın mal alan"... İngilis dilində... Məktəblilərin təqdimatında...

Bu gün Bakı şəhəri 16 nömrəli texniki-humanitar liseyin müəllim və şagirdləri akt zalında maraqlı tədbirə şahidlik etmək üçün bir araya gəldilər. Məktəbin 10 A sinfinin şagirdləri Azərbaycan musiqi tarixinin görkəmli simalarından olan Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini səhnələşdiriblər. Öncə, dahi bəstəkarın fəaliyyətini əks etdirən qısa slayd nümayiş olunub. Daha sonra səhnə məktəblilərin ixtiyarına verilib.

 

Təbii ki, tədris ili ərzində tez-tez müxtəlif tədbirlər keçirilir. Səhnəyə çıxacaq iştirakçılar da hər dəfə eyni həyəcanı yaşayırlar. Amma bu dəfə həyəcan və məsuliyyət ikiqat artıq idi. Çünki hazırlanan tamaşa hər kəsə tanış idi. Qəhrəmanları, hətta onların arasında gedən dialoqları da demək olar ki, hər kəs əzbərdən bilir. Amma bu hələ son deyil. Onuncular “Arşın mal alan”ı ingilis dilində təqdim etdilər. Bu isə artıq onların nə qədər həyəcan keçirdiklərini bir daha sübut edir. Xarici dildə çıxış etsələr də, məktəblilər səlis nitqləri ilə fərqləni və onlara həvalə olunan işin öhdəsindən layiqincə gəlirlər.

 

Məktəblilərin uğurlu çıxışı onların müəllimlərinin, məktəb rəhbərliyinin də ürəyincə olub. Onlar  Onuncuların xarici dildə çıxışlarını önə çəkərək, lakin məktəblilərin tamaşanın öhdəsindən layiqincə gəldiklərini bildiriblər. Pedaqoqlar şagirdləri təbrik edərək onlara gələcəkdə uğurlar diləyiblər.

  

Müəllif | Apa.Tv
Apa.tv