Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Hesabat-Seçki Konfransı keçirilib
“Ədliyyə Nazirliyində qeydə alınmış qeyri-hökumət təşkilatlarının sayı 3 minə yaxınlaşıb. Onlardan təxminən 300-ə yaxını gənclər təşkilatıdır. Şuranın beynəlxalq qurumlarla çox səmərəli əlaqələri var. Azərbaycan çox nadir ölkələrdəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə bərabər Gənclər Fondu da fəaliyyət göstərir”.
APA TV-nin məlumatına görə, bunu bu gün Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) XIV Hesabat - Seçki Konfransında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov deyib. O, qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı kifayət qədər çoxdur.
T. Süleymanov əlavə edib ki, Azərbaycanda nümunəvi gənclik siyasəti formalaşıb və Azərbaycan Avropa məkanında yeganə ölkələdir ki, gənclərin fərdi layihələri maliyyələşdirilir.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə tədbir iştirakçılarına Şura haqda ətraflı məlumat verib. Ş. Seyidzadə bildirib ki, Şura 1995-ci ildən fəaliyyət göstərir. Son 4 ildə çox ciddi işlər görüldüyünü bildirən sədr. təşkilat üzvlərinin sayının artdığını deyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, AGTMŞ bu gün gənclər platformasında özünəməxsus yer tutur. Şuranı ən böyük partnyor hesab etdiklərini deyən Fərhad Hacıyev dövlət siyasətinin prioritet istiqamətlərini dəstəklədiklərini, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini dilə gətirib.
Tədbirdə seçkilər də keçirilib. Səsvermə nəticəsində Seymur Hüseynov AGTMŞ-nın sədri seçilib. Konfransda AGMTŞ-nın Mərkəzi Nəzarət - Təftiş Komissiyası və İdarə Heyətinin tərkibi də formalaşdırılıb.
Qeyd olunub ki, AGMTŞ-nın tərkibində 112 gənclər təşkilatı birləşib.