Tramp lazım olan səsləri toplaya bildi, Klintona 78 səs lazımdır

Təmsil olunduğu Respublikaçılar Partiyasında daxili müxalifətlə üzləşən Donald Tramp ABŞ prezidentliyinə namizəd olmaq üçün lazım olan 238 səsi təmin edib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, respublikaçılar iyunun 7-də 6 ştatda son praymerizlərini keçirdikdən sonra marafonu tamamlayacaq. Həmin 6 ştatda daha 303 səsin olduğu bildirilir.

Milyarderin bu səsləri də qazanacağı istisna edilmir. Ölkədə Tramp əleyhinə aksiyalar davam edərkən, media nümayəndələri Nyu-Yorkdakı "Trump Tower"-in önündə insanlardan onun apardığı kampaniya barədə nə düşündükləri ilə maraqlanır.

Tramp tərəfdarlarından biri namizədin onların səsi olduğunu qeyd edib: "Hazırda yüksək postlarda oturan şəxsləri oradan uzaqlaşdırmaq və ölkəni əsl sahiblərinə qaytarmaq lazımdır. Donald Tramp bunu bacara biləcək şəxsdir".

Milyarderi irqçilikdə qınayanlar da var. "Amerikanın bu vəziyyətə gəlməsindən çox üzgünəm", - deyə başqa bir vətəndaş bildirib.

Demokratların cəbhəsində isə vahid namizəd olmaq üçün 2 383 səs toplamaq lazımdır. Hazırda lider Hillari Klinton bu səslərin 2 305-ni, Sanders isə 539-nu yığa bilib. Demokratlar partiyası 14 iyunda beş ştatda praymerizlər keçirəcək və orada qalan 930 səs Klintonla Sanders arasında sahiblərini tapacaq.

Müəllif | Apa.Tv
Apa.tv