Lənkəran sakini maşınında bıçaqlandı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Velədi kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 56 yaşlı Şəmsəddin Əli oğlu Məmmədov şəxsi münaqişə zəminində özünə məxsus “Lada Priora” markalı, 42 BO 008 dövlət nömrə nişanlı minik avtomobilində həmkəndlisi, “Maçan” ləqəbli İsaq Saleh oğlu Miriyev tərəfindən bıçaqlanıb.
Qarın və boyun nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Şəmsəddin Məmmədova müvafiq tibbi yardım göstərilib, yaraları tikilib. Bununla belə, onun vəziyyətinin hazırda ağır olduğu bildirilir.
Hadisəni törətmiş Saleh Miriyev isə qaçıb istintaqdan yayınmağa cəhd göstərib. Lakin polisin həyata keçirdiyi əməliyyat tədbirləri sayəsində isti izlərlə yaxalanıb.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.