Zaqatalada "Moskviç" mikroavtobusla toqquşdu: 1 ölü, 1 yaralı

Zaqatalada mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

 

APA TV-nin məlumatına görə, hadisə mayın 26-da axşam saat 19:30 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü İbrahim Elxan oğlu İbrahimlinin idarə etdiyi “Moskviç-412” markalı minik avtomobili ilə hələ ki şəxsiyyəti məlum olmayan Zaqatala rayon sakininin idarə etdiyi “Mercedes Vita” markalı, Rusiya dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

 

Qəza nəticəsində "Moskviç" markalı avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini, 24 yaşlı Feyzullah Hədis oğlu Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. "Moskviç"in sürücüsü İbrahim İbrahimli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Mikroavtobusun sürücüsü xəsarət almayıb.

 

Zaqatala RMX-dan APA TV-yə bildirilib ki, yaralı İbrahim İbrahimli xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv