Balakəndə 96 yaşlı qadına qarşı quldurluq edən "zek" İrana qaçmaq istəyərkən tutuldu
Balakəndə 96 yaşlı qadına qarşı quldurluq edən və ömrünün 20 ilini məhkumluq həyatı yaşayan Zaqatala rayon sakini İrana keçmək istəyərkən həbs edilib.
Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Sarıbulaq kənd sakini, 1920-ci il təvəllüdlü Sanur İbrahim qızı Balaşova RPŞ-yə müraciət edərək bildirib ki, mayın 22-də naməlum şəxs yaşadığı evə basqın edərək onu döyüb və bıçaqla hədələyərək 65 manat pulunu götürərək hadisə yerindən qaçıb.
Balakən RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, 96 yaşlı Sanur Balaşovanın evinə basqın edən şəxs Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 1969-cu il təvəllüdlü Qurban Hudul oğlu Ağaməmmədovdur.
Araşdırma nəticəsində məlum olub ki, Qurban Ağaməmmədov mayın 19-da elə həmin kəndin sakini Eldar Murtuzəlu oğlu Qurahilovun evinə basqın edərək, bıçaqla onun əl nahiyəsinə xəsarət yetirib və 27 manatını götürərək hadisə yerindən qaçıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinlərinə qarşı quldurluq edərək onların pulunu mənimsəyən Qurban Ağaməmmədov Astara sərhəd-keçid məntəqəsindən qonşu İran İslam Respublikasına keçmək istəyən zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq Balakən RPŞ-nin əməkdaşlarına təhvil verilib. İlkin istintaq zamanı məlum olub ki, Qurban Ağaməmmədov əvvəllər qətl törətməyə və qanunsuz silah saxlamağa görə ümumilikdə 20 il olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb. Ən maraqlısı isə odur ki, zərərçəkənlərdən Eldar Qurahilov Qurban Ağaməmmədovun həbsxana yoldaşıdır.
Faktla bağlı Qurban Ağaməmmədovun barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, onun rayon ərazisində baş vermiş digər cinayət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.