“Azərbaycanda institusional quruculuq” mövzusunda konfrans keçirildi
Bakıda İqtisadiyyat Nazirliyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda institusional quruculuq əməliyyatlarına dəstək” - SIBA icra SIBA layihəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda institusional quruculuq” mövzusunda konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq və qarşılıqlı tərəfdaşlığın qurulduğunu bildirib.
Nazir müavini deyib ki, hazırda bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün real və proqressiv imkanlar mövcuddur və əsas olan tərəflərin bu imkanlardan səmərəli şəkildə yararlanmasıdır.
Tədbirdə qeyd olunub ki, ötən il Avropa İttifaqı ilə ölkəmiz arasında ticarət dövriyyəsinin ümumi payı 47 faiz, cari ilin birinci rübündə isə 43 faiz təşkil edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu ifadə edərək, təmsil etdiyi qurumun mövcud uğurlu tərəfdaşlıq münasibətlərinin daha da inkişafında maraqlı olduğunu önə çəkib.
Çıxış edənlər 2014-cü ildə qüvvəyə minən Avropa İttifaqı ilə Azərbaycan arasında "Viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında" sazişin əhəmiyyətinə toxunaraq, bu sazişin qarşılıqlı münasibətlərin inkişafına verəcəyi töhfəni yüksək dəyərləndiriblər.
Tədbir zamanı Avropa İttifaqının ölkəmizdə həyata keçiriləcək layihələrə verdiyi dəstək xüsusilə vurğulanıb, gələcəkdə bu dəstəyin daha da genişləndirilməsinə əminlik ifadə olunub.