FHN-in qurumları arasında mini-futbol üzrə çempionat keçirildi
Mayın 23-27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilib.
APA TV-nin məlumatına görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionunda keçirilən çempionatda 17 komanda və hər komandada 12 idmançı olmaqla 204 əməkdaş iştirak edib.
Komandalar 4 qrupda mübarizə aparıb, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanıb.
Finalda isə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Maddi-Texniki Təchizat İdarəsinin (MTTİ) komandaları qarşılaşıb. DYMX MTTİ-yə 4:0 hesabı ilə qalib gələrək çempion olub.
FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun iştirakı ilə qaliblərə kubok, medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, çempionat 28 May - Respublika Gününə həsr olunub.