İyunun 16-20-də Dənizkənarı Bulvar ərazisi bağlı olacaq
İyun ayında Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-pri yarışı şəhərin əsas mərkəzi küçələrini əhatə etdiyi üçün iyun ayının 14-dən 20-nə qədər Bakı Şəhər Halqasını əhatə edən 6 km-lik zonada yollar bağlı olacaq. Amma həmin istiqamətlərdə əhalinin hərəkəti üçün heç bir maneə törədilməyəcək.
APA TV-nin xəbərinə görə, bunu “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.
O bildirib ki, insanlar maşınsız rahat olaraq hərəkət edə biləcəklər. Onların rahat hərəkət edə bilməsi üçün həm yeraltı, həm də yerüstü keçidlər quraşdırılacaq: "Xüsusi bir zonalar quraşdırılacaq ki, onlar rahat olaraq hərəkət edə bilsinlər. Digər tərəfdən, avtomobillərin hərəkəti üçün məhdudiyyətlər qoyulacaq. Bunun üçün həmin ərazi 3 zonaya bölünüb. Nişanlar əldə etməklə həmin ərazilərdə yaşayan insanlar gecə saatlarında zonaya daxil ola biləcəklər. Birinci zona İçərişəhər zonasıdır. İçərişəhərdə yaşayan insanlar bu nişanları əldə edə bilərlər. Zona 2 və Zona 3 məhz icra hakimiyyətinə aiddir. Onu qeyd etmək istəyirəm ki, bu nişanları əldə edən insanlar ancaq gecə saatlarında həmin zonaya daxil ola biləcəklər. Gündüz saatlarında yarış olduğu üçün yenə də həmin maşınların hərəkətinə məhdudiyyətlər qoyulacaq".
Nigar Arpadarai bildirib ki, hər zonada 3 yanğınsöndürən maşın və eyni sayda təcili tibbi yardım avtomobili dayanacaq. Bu da hər hansı xoşagəlməz hadisənin baş verəcəyi halda, dərhal müdaxilə etməyə imkan yaradacaq. Ona görə də sakinlərin narahatlığı üçün heç bir əsas yoxdur: "Xəritədə göstərdiyimiz ərazilərdə 65, 5 və 53 saylı avtobusların hərəkəti mümkün olacaq. Sakinlər həmin avtobuslardan da istifadə edə bilərlər. 16-20 iyun tarixlərində ancaq Bulvar ərazisi - Dəniz vağzalından Azneftə qədər olan hissə bağlı olacaq. 30 may tarixindən 13 iyun tarixlərinə qədər sakinlər İçərişəhərə və Bakı Şəhər İcra Hakimiyyətinə yaxınlaşaraq nişanları əldə edə bilərlər".
Həmin ərəfədə ictimai nəqliyyat və metro səhər saat 6:00-dan gecə saat 2:00-dək fəaliyyət göstərəcək .
Nigar Alpadari qeyd edib ki, biletlər hələ də satışda var. O, bilet satışı sayının müxtəlif kateqoriyalar üzrə dəyişdiyini, son həftələrdə isə bilet satışına marağın çoxaldığını deyib.
Qeyd edək ki, mayın 29-da "Formula3" pilotu, "Formula1" Avropa Qran Prisinin səfiri Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasında sınaq yürüşü edəcək. Sakinlər trekin istənilən ərazisindən bu sınaq yürüşünü izləyə bilərlər.