Nazir Kəmaləddin Heydərov Saatlıda vətəndaşları qəbul etdi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlıda vətəndaşları qəbul edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.
Nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə bağlı olub.
Nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinə baxılıb, həlli yerində mümkün olan bəzi müraciətlər nazirin göstərişi əsasında operativ şəkildə həll edilib, bir sıra məsələlərlə bağlı isə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.