Ayı girən kəndin sakini: "Dua etdim ki, ayı qızı yox, məni yesin..."

"Saat 4 radələri idi. Uşaqlar yuxudan durmuşdu. Müəllimələr uşaqları həyətə aparırdı. Müəllimlərdən biri ayını görüb qışqırdı ki, baxın. Bir valideyn də gəlib burda gözləyirdi. Tez gəlib ki, uşaqlarını aparsın.  Uşağı da düşürmüşdük, göndərirdik. Müəllimə qorxub qaçdı. Qışqırdılar ki, uşaqları yığışdırın. Bir oğlan qaçıb gəldi, gedən uşaqları da qaytardı. Valideyn də sən demə ayıya baxırmış, heç uşaqları görməyib. Sonra o da qaçdı yuxarı".

 

APA TV-nin məlumatına görə, ötən gün ayının hücum etdiyi Oğuz rayonunun Xalxal kəndindəki uşaq bağçasının müdirəsi Zərmiyar Nəsibova deyir ki , ayı qəflətən onların yaşadığı kəndə daxil olub.

 

Onun sözlərinə görə, bağçaya daxil ola bilməyən ayı sonradan  onların həyətinə keçib: "Oradan ayı həyətimə tullanıb. Gəlinlə də qız oturub cücələri yemləyirmiş. Onlar da qışqıraraq qorxub qaçıblar. Ayı arxadan üstlərinə tullanmaq istəyib. Gəlin də deyir, dedim qıza heç nə olmasın toyu olacaq, məni yesin. Yoldaşını qışqırıb çağırıb ki, gəl də ayı var. O arada ayı camaatın səsinə dəmir torlu çəpərdən keçib. Gəliblər, burda balta, yaba ilə vurublar. Sonra bildik ki, ayını öldürüblər. Məcbur olub vurublar".

 

Hadisə şahidləri deyir ki, ayını kəndin girişində görən kimi, kənd sakinləri  səs-küy salmaqla onu  meşə sahəsinə qaytarmağa cəhd ediblər. Amma buna nail ola bilməyiblər. Ayı kəndə daxil olaraq  bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub.

 

Azər Abdullayev, hadisə şahidi: "Meşədən çıxıb girmişdi kəndə, sonra da gəlib girdi bu həyətlərə. Bağça həyətinə hücum çəkəndə zərərsizləşdiriblər. Bağçanın həyətinə girməyə imkan vermədilər. Bağçada da 50-yə yaxın uşaq var idi".

 

Daha sonra ayını zərərsizləşdirə bilmədiklərini görən kənd sakinlərindən Hafiz Şükürov onu tüfəngi ilə vurub: "Evdə idim. Camaatın səs küyünə çıxdım. Baxdım ki, ayı kəndin içində camaatın çəpərlərinə girir, camaat qarşısını ala bilmir. Özümün tüfəngim var idi, gətizdirib bağçaya girən yerdə atdıq". 

 

Sakinlərin sözlərinə görə, öldürülmüş  ayı müvafiq qurumlar tərəfindən ərazidən aparılıb və ayının quduz olub-olmamasını müəyyən etmək üçün rayon Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.


Qeyd edək ki, mayın 26-da Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib. Kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olaraq, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub.

Müəllif | Apa.Tv
Apa.tv