Prezident İlham Əliyev: “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”
"Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir".
APA TV-nin məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq: "Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər olub”.
Prezident İlham Əliyev Heydər Əliyev birinci dəfə rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb, müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edib: “Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsası qoyulub, azərbaycançılıq ideologiyası bərqərar olub. 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Xalqımız bir amal ətrafında birləşib. Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyası təmin edilib”.
Dövlət başçısı 28 May - Respublika günü münasibətilə xalqı təbrik edib, sabitlik və inkişaf arzulayıb.
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir, iqtisadiyyat şaxələndirilir, islahatlar aparılır. Prezident İlham Əliyev bildirib ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi ilə bağlı icrası nəzərdə tutulan bütün tədbirlər görüləcək.
Dövlət başçısı 2016-cı ilin də ölkəmiz üçün uğurlu olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev bildirib ki, qazanılan bütün nailiyyətlər ancaq müstəqillik illərində əldə olunub: "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, müstəqil ölkəyik, azad xalqıq. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq, bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”.
Azərbaycana qarşı ikili standartlara son qoyulmalıdır deyən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq nüfuzu artır, qarşıya qoyulan vəzifələr uğurla icra edilir.
Dövlət başçısı bildirib ki, Azərbaycanda quruculuq prosesi davam etdiriləcək: “Bundan sonra da ölkədə sabitlik və təhlükəsizlik təmin ediləcək. Xalq-iqtidar birliyi möhkəmlənir, demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir. Ölkəmizə qarşı müşahidə olunan ikili standartlara son qoyulmalıdır”.
Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib: “İndiki şəraitdə bu, dünyaya bir mesajdır. Xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunub”.
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.
Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib. Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.