Atasından küsdü, bir neçə evi yardı

Suraxanı Rayon Polis İdarəsinin əməliyyatçıları rayon ərazisində mənzil və mağazaları qarət etməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Fərhad Hüseynovu saxlayıb.

 

İsmayıllı rayonunun Müdrüsə kəndində saxlanılan 21 yaşlı Fərhad Zinhar oğlu Hüseynov İsmayıllı Rayon Polis Şöbəsinə gətirildikdən sonra ilkin söhbət zamanı Bakının Suraxanı rayonu ərazisində bir neçə mağaza və evi qarət etdiyini gizlətməyib. O, bildirib ki, ailəsi ilə birlikdə uzun müddət Hövsan qəsəbəsində yaşayıb. Bir neçə il əvvəl isə Fərhadın valideynləri heyvandarlıqla məşğul olmaq qərarına gəldiklərindən, İsmayıllı rayonuna köçüblər. Kənd həyatını bəyənməyən Fərhad Hüseynov vaxtaşırı atası ilə dalaşıb Bakıdakı evlərinə qayıdırmış:

 

“Bir dəfə işləmək adı ilə gəldim Bakıya. Biz artıq köçüb getmişdik kəndə. Gəldim təxminən 10 gün işlədim. Günü 10 manatdan daş-kubik işində işlədim. Sonra 4-5 gün iş olmadı. Mənim pulum qurtardı. 2 gün ac yatdım. Üzüm gəlmir qonşudan çörək, pul istəməyə. Lap desəm də, elə qonşularım var ki, verməzlər mən elə bilirəm”.

 

 

Pulu qurtaranda kəndə qayıtmaq istəməyən Fərhad oğurluq etmək qərarına gəlib. O, ilk oğurluğunu qonşunun həyətindən edib:

 

“Sonra getdim oğurluq elədim. Təxmini yadımdadır ki, bir həyətdən bir az mis-zad götürmüşdüm. Aparıb əridib satmışdım”.

 

Satdığı mis məftilin pulunu xərclədikdən sonra Fərhad mağaza qarət edib.

 

Daha sonra Fərhad Hüseynov bir neçə evdən silsilə oğurluqlar törədib. Özünün sözlərinə inansaq, oğurluğa əl atmasının səbəbi kənddə yaşayan atası ilə yola getməməsidir:

 

“Çıxırdım də. Evdən çıxırdım, deyirdim gəlməyəcəm. Atam əsəbidir. Söz-söhbət çox olurdu. Heç nədən yaranırdı. Oturub fikirləşirəm ki ata oğluna danışar, deyər ki, bunu niyə belə elədin. Amma baxıram ki, ortada bir səbəb yoxdur. Olurdu ey. Balaca bir problemi böyüdürdü”.

 

Fərhad Hüseynovun Hövsan qəsəbəsində yaşadığı mənzilindən müxtəlif şəxslərin evlərindən oğurlanmış televizor, qaynaq aparatı və digər əşyalar aşkarlanıb. Faktlarla əlaqədar Suraxanı Rayon Polis İdarəsində araşdırmalara davam edir.

 

Müəllif | Apa.Tv