Bakının üzərini örtən qatı dumanın səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

Mayın 29-u səhər saatlarından etibarən Bakının, eləcə də ölkənin bir sıra rayonlarının üzərini toz-duman qatı örtüb. APA TV-ın məlumatına görə, toz qatı bəzi yerlərdə o qədər güclü olub ki, havanın buludsuz olmasına baxmayaraq Günəş belə görünməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova APA TV-yə  açıqlamasında deyib ki, artıq ikinci gündür ki, Azərbaycanın üzərinə cənub istiqamətindən toz kütlələri daxil olur. Bunun səbəbi Ərəbistan yarımadasında artıq 4 gündür ki, davam edən toz burulğanlarıdır. Mayın 27-də axşam saatlarında atmosferdəki toz kütlələri Azərbaycana da çatıb. Lakin həmin gün hava şəraiti elə idi ki, bu o qədər də hiss edilmirdi və atmosferdəki tozun miqdarı 1 kub metr üçün 27-30 mikroqram həddində idi. Mayın 29-u toz kütlələrinin həcmi daha da artıb və gözlə görünəbilən səviyyə çatıb. Hazırda Bakıda havada tozun miqdarı 1 kubmetr üçün 47 mikroqrama çatıb.

 

Nazirlik rəsmisi əlavə edib ki, son günlər Türkmənistan səhralarında da qum burulğanları qeydə alınır və Xəzər dənizi üzərindən də ölkəmizə tozlu hava kütlələri daxil olur. Lakin bununla belə əsas çirkli hava kütlələri Ərəbistan istiqamətindən daxil olub. Mayın 30-da etibarən toz kütlələri çökəcək və hava açılacaq.

 

M.Avazova onu da bildirib ki, havada tozun miqdarı ilə bağlı norma 1 kub metrdə 50 mikroqram səviyyəsindədir. Əgər atmosferdə bu səviyyədən artıq tozluluq müşahidə edilərsə əhaliyə xəbərdarlıq edilə bilər.

 

Qeyd edək ki, hazırda ölkədə müşahidə edilən hava şəraiti əsasən tənəffüs yolları və ürək-damar xəstəlikləri olanlar üçün əlverişsizdir.  

Müəllif | Apa.Tv